Thin və Thick Provisioning

Thin və Thick Provisioning

Thin və Thick Provisioning (yəni təminat, Azərbaycan dilində daha yaxşı alternativ deyən olsa yaxşı olar), virtual disk sahəsini ayırmaq üçün istifadə olunan iki əsas metodlardır. Bu metodlar, VM-lər üçün fiziki yaddaşın necə ayrılacağını müəyyənləşdirir.

Qalın Təminat (Thick Provisioning): Virtual diskin tam yaddaş həcmi fiziki yaddaşda disk yaradılanda əvvəldən ayrılıb rezerv edilir. Bu metodda virtual disk, yaradıldığı vaxtdan etibarən ayrılan yeri tam istifadə edir, beləliklə, bu yer digər virtual maşınlar tərəfindən istifadə oluna bilməz. Qalın təminatın iki növü var:

  • Lazy Zeroed Disk: Bu növ disk, yaradıldığı vaxt bütün yeri götürür, lakin bu yerdə fiziki media üzərində köhnə məlumatlar ola bilər. Köhnə məlumatlar silinmir və yeni məlumat yazıldıqda ancaq sıfırlanır. Bu növdə disk daha tez yaradılsada performans aşağı ola bilər. Buna səbəb yer ayrılan zaman qalan və sıfırlanmayan köhnə məlumatların sonradan sıfırlanma prosesidirki, İOPS göstəricilərinə təsir edir.
  • Eager Zeroed Disk: Bu növ əvvəlki kimi bütün yeri rezerv edir amma ondan fərqli olaraq yaradıldığı vaxt köhnə məlumatların hamısını sıfırlayır. Bu da öz növbəsində əvvəlki növdən daha yüksək performans almağa kömək edir. Yaradılma prosesi bir qədər uzun vaxt ala bilər.

İncə Təminat (Thin Provisioning):  İncə təmin edilmiş virtual disk, ancaq lazım olan sahəni istifadə edir və məlumat yazıldıqca böyüyür. Məsələn, təzə disk yaradanda 20 GB qeyd eləyib yaranmış diskə 2 GB-lıq fayl yazdıqda VMDK (yəni diskin) həcmi 2 GB olacaq. Qalın təminatda 20 GB əvvəldən verilibsə diskə fayl yazılsada VMDK faylın həcmi 20 GB qalacaq.

Hər iki təminat növünün öz üstünlükləri və məhdudiyyətləri var. Qalın təminat, daha sadə bir yanaşma təqdim edir və başlanğıcda ayrılan sahə sayəsində gecikməni azaldır. İncə təminat isə yaddaş sahəsini daha effektiv istifadə etməyə imkan verir, çünki yalnız lazım olan qədər sahə ayrılır və tələbat artarsa, ayrılan sahə tənzimlənə bilər.

Virtual infrastrukturunuz üçün hansı təminat növünün daha yaxşı olduğuna qərar vermək, sizin ehtiyaclarınız, məqsədləriniz və büdcə məhdudiyyətlərinizə əsaslanmalıdır. İncə və qalın təminat arasında seçim etmək üçün IT komandalarının bu metodların üstünlüklərini və məhdudiyyətlərini anlamalıdırlar.

Share