PİRATÇILIQ, CRACK PROQRAMLARIN TƏHLÜKƏSİ VƏ MƏNFİ TƏRƏFLƏRİ

Fight piracy; don’t squash innovation.

— Joe Kraus

Piratçılığa qarşı mübarizə aparın; yenilikləri əzməyin.

— Joe Kraus

Səmimi razılaşmalıyıq ki, piratçılığı hamımız sevirik. Hamımızın kompüterində, Android telefonunda ən azından bir ‘crack’ proqram var. Piratçılığın başlıca səbəbi bəzən proqramların baha olması, bəzən isə adamın xəsisliyi tutur heç 1$-lıq proqramı pul ilə leqal almaq istəmirik.

Gəlin proqramın müəllifinin gözü ilə baxaq bu vəziyyətə, adam proqram yazır pul qazanmaq məqsədi ilə, gözləyir ki müəyyən ehtiyacı olan pulu qazanacaq, amma hansısa proqramların cracking-i ilə məşğul olan qaqaş gəlir proqramı sındırır buraxır internetə. Məhz bu səbəbdən bir çox şirkətlər gəlirlərindən qalıb, və kim bilir gözlənilən gəlir əldə olunsa idi şirkət yeni innovasiyalardan istifadə etməklə hansı nəaliyyətlərə çatardı.

İndi isə keçək məqalənin məğzinə.

Təhlükənin nədə olduğunu anlamaq üçün birinci proqramı sındıran şəxslərin crack versiyanın internetə niyə yerləşdirdiyindən danışaq. Burada bir neçə variant ola bilər.

Crack olunmuş proqramların kodunda dəyişiklik olur və proqrama viruslar gizlədilir. Bu virusların vasitəsi ilə cinayətkar qurbanın şəxsi informasiyalarını yığır. Cinayətkar bu informasiyanı öz maraqlarında istifadə etməklə maddi qazanc əldə edir.

Şəxsi informasiya oğurluğundan başqa hazırda ən çox yayılmış virus növlərindən biridə mayner viruslardır. Bu növ viruslar əməliyyat sistemində arxa planda işləyir. Cinayətkar öz parazit mayner viruslarının sayəsində kompyuterdə virtual coin yəni virtual pul hazırlayır və bu da öz növbəsində sizin kompyuterinizin performansını aşağı salır.

Crack olunmuş proqramların mənfi cəhətlərindən biri odur ki, lisenziya olmadığından yenilənmə getmir, problem yaranarsa texniki dəstək göstərilmir, heç bir zəmanət verilmir ki, ucuz aldığınız və ya pulsuz torrent-lə yüklədiyiniz fayl sizin kompüterinizi dəstəkləyir.Kompüterdə olan anti-virus proqramları bir çox hallarda virusu proqrmın bir hissəsi kimi görüb heç bir tədbir görmürlər.

Niyə nəhəng şirkətlər crack işlədmir?

Cracked software işlədərkən şirkətin məxfi informasiyası risk altında olur. Bundan əlavə şirkətlər hüquqi problemlərlə qarşılaşa bilər.

Şəxsən mən leqallığın qorunmasının tərəfdarıyam. Gəlin piratçılıqla məşğul olmayaq. Əməyə hörmət edək.

Share